Sorğu
Sitemizi değerlendirin

20 Ara 13:33Olke

Büdcədən oğurluq edən "AKELİK GROUP"un rəhbərliyi TƏŞVİŞ İÇİNDƏ - İTTİHAM

Büdcədən oğurluq edən "AKELİK GROUP"un rəhbərliyi TƏŞVİŞ İÇİNDƏ - İTTİHAM















Hürriyyət”in redaksiyasına müraciət edərək çalışdığı “Alke İnşaat Sanayi ve Ticaret” ASC-dən ( indiki adı "AKELİK GROUP"ASC) haqsız yerə kənarlaşdırıldığını bildirən Cəfərov Şahin Tofiq oğlu ilə “6,5 MİLYONUN İZİ İLƏ - "AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib” sərlövhəli yazıda adıçəkilən şirkətdə baş verən qanunsuzluqlar və özbaşınalıq haqda oxucularımıza məlumat vermişdik.

Məsələyə aydınlıq gətirmək üçün müsahibədə adı çəkilən məsul şəxslərlə telefon bağlantısı qurduğumuzu və qəzetimizin növbəti nömrəsində onların mövqeyini açıqlayacağımızı da bildirmişdik.

İlk telefon bağlantısı qurduğumuz şəxs şirkətin Hacıqabul rayon filialının “Padarçöl layihəsi”ndə sahə rəisi vəzifəsini icra edən Tofiq Əliyev oldu.

“2017-ci ilin mart ayından 2018-ci ilin 18 martınadək bizdə maliyyə işlərini Şahin Tofiq oğlu Cəfərov aparırdı”

Tofiq Əliyev Cəfərov Şahin Tofiq oğlunun həmin layihədə maliyyəçi olduğunu təsdiqlədi. Bizimlə könülsüz danışan, söhbəti tez bitirməyə çalışan sahə rəisi Şahin Cəfərova qarşı edilən haqsızlıqlardan, onun rəsmən texiki nəzarətçi kimi işə qəbul edildiyindən xəbərsiz olduğunu da söylədi.

Xatırladaq ki, Şahin Cəfərovun şikayətinə əsasən Əmək Müfəttişliyindən “Alke İnşaat Sanayi ve Ticaret” ASC-yə (indiki adı "AKELİK GROUP" ASC) göndərilən sorğuya şirkətin bu ilin 23 aprelində yolladığı cavab məktubunda Şahin Tofiq oğlu Cəfərovun 11.09.2015-ci il tarixindən 21.02.2017-ci il tarixinədək “Alke İnşaat Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialında texniki nəzarətçi vəzifəsində çalışdığı və şirkətlə Şahin Cəfərov arasında bağlanan müqaviləyə Əmək Məcəlləsiinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bilirilmişdi. Məktubda həmçinin şirkət tərəfindən Şahin Tofiq oğlu Cəfərova işlədiyi dövr üçün son haqq-hesabın tam ödənildiyi və sabiq əməkdaşın 10.07.2017-ci il tarixli ərizəsi ilə işlədiyi, şirkətə qarşı şikayəti olmadığını bildirdiyi qeyd edilmişdi. Həmin məktub “Alke İnşaat Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Mehmet Oğuz Erkan tərəfindən imzalanmışdı.

Özünü adıçəkilən şirkətin təsisçisi Süleyman Babayevin birinci müavini kimi təqdim edən Elnur Qasımov Şahin Cəfərova Əmək Müfəttişliyinin qarşısında saxta müqavilə imzalatdırdıqdan sonra, Şahin Cəfərovun tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu məsələni təkrar araşdırıb, Tofiq Əliyev və daha bir neçə nəfər Şahin Cəfərovun 2018-ci ilin aprel ayınadək sözügedən layihədə maliyyəçi vəzifəsini icra etdiyini təsdiq edəndən sonra, şirkət Əmək Müfəttişliyinə növbəti məktub yollayıb. Birinci məktubda 2017-ci ilin 10 martından şirkətlə müqaviləsinə xitam verildiyi bildirilən Şahin Cəfərov ikinci məktuba əsasən, 2017-ci ilin 10 martında sözügedən şirkətlə imzaladığı xidməti müqavilədə maliyyə işlərinin yerinə yetirilməsini öhdəsinə götürüb.

Maraqlıdır, necə olur ki, 2 il müddətində əmək müqaviləsi ilə texniki nəzarətçi vəzifəsini icra edən, ixtisasca mühəndis olan bir şəxs işdən çıxarılan gün yeni, bu dəfə artıq xidməti müqavilə ilə maliyyəçi vəzifəsinə götürülür? Axı, mühəndis və maliyyəçi tamamilə fərqli ixtisaslardır.

“Mən artıq şirkətdə çalışmıram, adını deyə bilmədiyim məxfi idarənin əməkdaşıyam”

Zəng vurduğumuz növbəti şəxs Şahin Cəfərovun sözlərinə görə, "AKELİK GROUP" ASC-nin o vaxtkı təsisçisi Süleyman Babayevin birinci müavini Elnur Qasımov oldu. Bir neçə cəhddən sonra zəngimizə cavab verən E.Qasımov sözlərimizə çox qəribə, gözlənilməz reaksiya verdi. Belə ki, olduqca arxayın bir tərzdə bildirdi ki, biz yanlış ünvana zəng vurmuşuq, bu məsələlərlə şirkətin hüquqşünası Ramiz Nuriyev məşğul olur, o, yəni Elnur Qasımov isə adıçəkilən şirkətlə əməkdaşlığına son qoyub və adını çəkmək istəmədiyi hansısa məxfi idarədə işləyir. Onu da dedi ki, Əmək Müfəttişliyinin qarşısında hərbə-zorba və şirin vədlər hesabına Şahin Cəfərova imzalatdırılan müqavilədən də xəbəri yoxdur.

Söyləyəndə ki, onun, yəni Elnur Qasımovun Şahin Cəfərova müqaviləni imzalatma səhnəsi müfəttişliyin müşahidə kamerasında qeydə alınıb, əhvalını pozmadan cavab verdi ki, qeydə alınıbsa, lap yaxşı, qoy həmin video yazıya baxılsın və məsələ ilə bağlı aidiyyati qaydada tədbir görülsün.

Sonda isə bir daha təkrar etdi ki, şirkətin hüquq məsələlərinə cavbdeh Ramiz Nuriyevdir və bizə onunla əlaqə saxlamağı məsləhət gördü.

Özünü adıgedən şirkət təsisçisinin birinci müavini kimi təqdim edən, bir çox sənədlərdə (Şahin Cəfərov bu sənədləri məhkəməyə təqdim etməyə hazırlaşır) imzası olan Elnur Qasımovun bu arxayınlığının arxasında nə və ya kim dayanır? Ümid edirik ki, Şahin Cəfərov əlində olan faktları, telefon danışıqlarını və video görüntüləri məhkəməyə təqdim etdikdən sonra bu sualın cavabı tapılacaq.

“Gəlsin şirkətə, onu qarşılayaq, qəbul edək, şikayətini dinləyək, nə problemi, iradı varsa, həll edək...”

Növbəti dəfə Elnur Qasımovun dediyi kimi etdik və sözügedən şirkətin hüquqşünası Ramiz Nuriyevlə əlaqə yaratdıq.

Zəngimizə cavab verən Ramiz müəllim bizi səbrlə dinlədi, sonra nəzakətlə cavab verdi: “İndi ikinin yarısıdır, bizdə nahar fasiləsidir, o üzdən hazırda ofisdə heç kəs yoxdur. Saat ikidən sonra Şahin Cəfərov şirkətə gəlsin, müvafiq sənədləri nəzərdən keçirib vəziyyətə aydınlıq gətirərik. Məyər biz onu qəbul etməmişik, ya qapıdan qovmuşuq ki, gedib orda-burda bizdən şikayət edir? Gəlsin şirkətə, onu qarşılayaq, qəbul edək, şikayətini dinləyək, nə problemi, iradı varsa, həll edək, nə var ki, bunda?”

R.Nuriyevə şikayətçiyə qarşı hörmətsizlik edildiyini, baş mühasib Səməd Əhmədovun onu kobud formada işdən qovduğunu bildirəndə isə cavab verdi ki, çox adam çox söz deyə bilər, bunlar sübut tələb edən məsələlərdir: “Qoy gəlsin şirkətə, hər şeyi yerindəcə araşdırıb ayırd edək, əgər şikayəti doğrudursa, tədbir görək”.

Bu zaman redaksiyada olan və söhbəti dinləyən Şahin Cəfərov qətiyyətlə şirkətə getməkdən imtina etdiyinə görə, Ramiz Nuriyevdən soruşduq ki, bəs bizdən kimsə şirkətə yaxınlaşsa, ona müvafiq sənədləri göstərə bilərsiniz? O isə “problem deyil, bizimçün heç bir fərqi yoxdur. Sənədləri araşdırıb, məsələnin nə yerdə olduğunu aydınlaşdırarıq, ondan sonra söhbət edərik”,- cavabını verdi.

Ramiz Nuriyevin səsindən və bizimlə nəzakətli davranışından narahatlığı açıq-aydın sezilirdi. Şahin Cəfərovun məsələni ictimailəşdirməsi şirkətdə konkret hansı vəzifə tutduğu bəlli olmayan məmuru əməlli-başlı təlaşa salmışdı. Şirin dillə Şahin Cəfərovu şirkətə gətirdib orda, yad nəzərlərdən uzaqda hər şeyi yoluna qoymaq istədiyini gizlətmədi, əslində.

Şahin Cəfərovun dediyinə görə, şirkətin təsisçisi, indi isə həm də baş direktoru Süleyman Babayev özü onunla birbaşa təmasa girməsə də, yaxın qohumlarının (qeyd edək ki, bu ilin may ayında Şahin Cəfərovun Əmək Müfəttişliyindən şikayət ərizəsini geri götürməsində həmin qohumunun xahişi də həlledici rol oynamışdı) vasitəçiliyi ilə ondan bu işdən əl götürməsini, aidiyyati qurumlara şikayət etməməsini xahiş edir.

Bunu nəzərə alaraq, deyə bilərik ki, əslində Ramiz Nuriyev də Şahin Cəfərovu şirkətə elə Süleyman Babayevin tapşırığı ilə dəvət edir.

İstənilən halda, qanunsuz əməllərinin üstü açılan məmurlar özlərini nə qədər tox tutmağa çalışsalar da, kürklərinə birə dolduğu aşkar görünür. Çox guman ki, şirkətin işi əsaslı şəkildə araşdırılsa, hələ çox qanunsuzluqlar və yeyintilər üzə çıxarılacaq, məmurları qorxudan da elə budur.

“Mən bu şirkətin direktoru deyiləm, sadəcə təsisçiyəm, kadr məsələləri ilə də məşğul olmuram”

Çoxsaylı cəhdlərdən sonra nəhayət “Alke İnşaat Sanayi ve Ticaret” ASC-nin təsisçisi (indiki adı "AKELİK GROUP"ASC), indi isə Şahin Cəfərovun dediyinə görə, baş direktoru olan Süleyman Babayevlə də danışa bildik.

Süleyman müəllim də bizimlə çox könülsüz və qısa danışdı. Şirkət rəhbəri bildirdi ki, Şahin Cəfərov bütün sualları ilə bağlı kadrlar şöbəsinə müraciət etsin: “Mən bu şirkətin direktoru deyiləm, sadəcə təsisçiyəm, kadr məsələləri ilə də məşğul olmuram”.

Ona hazırda şirkətin baş direktoru vəzifəsini icra etdiyini bildirəndə isə, “xeyr, sizə yanlış məlumat verilib,”,- cavabını eşitdik.

“Bəs baş direktor kimdir?” sualını cavabsız qoyan, hövsələdən çıxsa da, əsəblərini cilovladığı hiss olunan Süleyman Babayev “şikayətçi kadrlar şöbəsinə yaxınlaşıb məsələni orda ayırd etsin” - deməklə kifayətləndi.

Onunla sözügedən şirkətin icra etdiyi daha bir qalmaqallı layihə (bu layihə ilə bağlı yazı qəzetimizin növbəti saylarında təqdim olunacaq, eləcə də oxucularımızı layihənin icraçılarından olan topoqraf Ramazan Biçərin bizə təqdim etdiyi sənədlər, fotolar və faktlarla tanış edəcəyik – müəl.) - “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqda danışmaq istəyəndə isə bizi dinləmədən, sözümüzü yarımçıq qoyub dəstəyi asdı.

Göründüyü kimi, Süleyman Babayev məsuliyyəti üzərindən atmaq məqsədi ilə hazırda şirkətin baş direktoru olduğunu boynuna almaq istəmədi, amma “baş direktor kimdir” sualından da qaçdı. Halbuki, "AKELİK GROUP"un rəsmi səhifəsində onun adı şirkətin baş direktoru kimi qeyd edilib, səhifədə yerləşdirilən rəsmi yazılardan da məlum olur ki, bütün əhəmiyyətli müqavilələri məhz o, imzalayır.

Şahin Cəfərovun bildirdiyinə görə, şirkət adını dəyişdirməzdən öncə, Süleyman Babayev rəsmən təsisçi, qardaşı Rasim Babayev isə baş direktor olduğu zaman da vacib müqavilələri məhz Süleyman Babayev imzalayırdı, qardaşının imzası isə hətta hesab blanklarında belə olmayıb. Bu da həmin maliyyə sənədlərin qanunsuz olduğunu bir daha sübut edir ( həmin hesab blankları hazırda Şahin Cəfərovdadır və o, bu sənədləri məhkəməyə təqdim etməyə hazırlaşır).
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
Kod:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Kodu girin: